İranın ali rəhbərliyinə bağlı qurumun beynəlxalq məsələlər üzrə nümayəndəsi bildirib ki, Ayətullah Seyid Müctəba Xamenei hazırda tam sağlam vəziyyətdədir və ölkə işlərinin idarə olunması ilə məşğuldur.
İslamazeri.com xəbər verir ki, bu barədə beynəlxalq məsələlər üzrə məsul şəxs Möhsün Qomi açıqlama verərək, son günlər Ayətullah Seyid Müctəba Xameneinin səhhəti ilə bağlı yayılan iddialara münasibət bildirib.
O qeyd edib ki, bəzi dairələrdə onun ictimaiyyət qarşısında görünməməsi və ya audio-vizual müraciətlər etməməsi ilə bağlı sualların qaldırılması “qarşı tərəfin təxribat xarakterli addımlarıdır” və məqsəd ictimai rəyi çaşdırmaqdır.

Qomi vurğulayıb ki, mövcud şəraitdə əsas məsələ rəhbərliyin təhlükəsizliyinin qorunmasıdır. Onun sözlərinə görə, əvvəllər rəhbərliyə qarşı həyata keçirilmiş hücum zamanı Ayətullah Müctəba Xamenei xəsarət alsa da, təsadüfi şərait nəticəsində daha ağır nəticələrdən xilas olub.
Rəsmi nümayəndə əlavə edib ki, hazırda Ayətullah Seyid Müctəba Xamenei ölkənin daxili və xarici siyasəti ilə bağlı prosesləri birbaşa nəzarətdə saxlayır. Bildirilib ki, o, xüsusilə danışıqlar prosesi və sahə idarəçiliyi ilə bağlı məsələlərə dair göstərişlər verir və bu istiqamətdə tam məlumatlıdır.