Bəqayi həftəlik brifinqdə regionda cərəyan edən son proseslər, ABŞ-la aparılan danışıqlar və Hörmüz boğazındakı vəziyyətlə bağlı mühüm bəyanatlar səsləndirib.
İslamazeri.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqayi həftəlik brifinqdə regionda cərəyan edən son proseslər, ABŞ-la aparılan danışıqlar və Hörmüz boğazındakı vəziyyətlə bağlı mühüm bəyanatlar səsləndirib.
İran XİN rəsmisi Vaşinqtonla aparılan danışıqların əsas qayəsinin regionda müharibənin dayandırılması olduğunu bildirib. O, ABŞ-ın yeni rəhbərliyinin təhdidlərinə baxmayaraq, hazırkı mərhələdə nüvə proqramı və uranın zənginləşdirilməsinin dayandırılması mövzusunun müzakirə edilmədiyini vurğulayıb.
Pakistanın vasitəçiliyi ilə aparılan danışıqlara toxunan İ.Bəqayi qeyd edib: "Son günlər mətbuata sızan xəbərlər bir neçə həftəlik müzakirələrin nəticəsidir. Bir çox məsələdə ümumi razılıq əldə olunsa da, ABŞ siyasətindəki qeyri-sabitlik və ziddiyyətli mövqelər səbəbindən sazişin tezliklə imzalanacağını iddia etmək hələlik qeyri-mümkündür".
XİN rəsmisi Hörmüz boğazındakı təhlükəsizlik böhranına da münasibət bildirib. O, London və Parisin boğazın idarəedilməsi ilə bağlı planlarını rədd edərək, bu zonada yalnız İran və Omanın söz sahibi olduğunu xatırladıb: "Hörmüz boğazında təhlükəsiz hərəkət mexanizmini qurmaq yalnız bu iki ölkənin vəzifəsidir. Biz gəmilərdən rüsum yox, göstərilən xidmətlərə və ekoloji təhlükəsizliyə görə ödəniş nəzərdə tuturuq".
Sonda İsmayıl Bəqayi Avropa İttifaqının sanksiya təhdidlərinə cavab olaraq, Tehranın hər bir addıma adekvat reaksiya verəcəyini vurğulayıb və bölgədəki sülh səylərinə görə Türkiyə və Pakistana təşəkkürünü bildirib.