Yayınlanma tarixi: 22.12.2025 21:34:08
İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian regionda cərəyan edən yeni dəyişikliklərdə Qafqazın strateji rolunu vurğulayaraq, Tehran və Tbilisi arasında yaxınlaşmanın vacibliyini qeyd edib.
İslamazeri.com xəbər verir ki, bu gün, 22 dekabr 2025-ci il tarixində İranın Gürcüstana təyin olunmuş yeni səfiri Seyid Əli Moucaninin yolasalma mərasimində çıxış edən dövlət başçısı, regionun iqtisadi, tranzit və təhlükəsizlik perspektivləri barədə mühüm mesajlar verib.
Prezident Pezeşkian Qafqazı Asiya ilə Avropanı birləşdirən mühüm bir körpü və regional iqtisadiyyatların inteqrasiyası üçün əsas platforma adlandırıb. O, xüsusilə tranzit koridorlarının əhəmiyyətinə toxunaraq bildirib:
"Qafqaz regionu tranzit, istehsal, kənd təsərrüfatı, enerji və texnologiya potensiallarının birləşdirilməsi əsasında bütün tərəflər üçün balanslaşdırılmış mənfəət təmin edə biləcək tamamlayıcı regional iqtisadiyyatın formalaşması üçün əlverişli məkandır."
İranın Qafqaz diplomatiyasının fundamental prinsiplərini xatırladan Pezeşkian ədalət, insan ləyaqəti, ölkələrin milli suverenliyi və ərazi bütövlüyünə hörmətin İran xarici siyasətinin əsası olduğunu vurğulayıb. O, kommunikasiya xətlərindən qeyri-eksklüziv (bütün tərəflər üçün açıq) istifadənin və regional dəhlizlərdə birgə əməkdaşlığın vacibliyini qeyd edərək, bunun region xalqlarının rifahı və təhlükəsizliyinə xidmət etməli olduğunu bildirib.
İran prezidenti iki ölkə arasındakı dərin tarixi və mədəni əlaqələri "xalqların kollektiv yaddaşı" və davamlı əməkdaşlıq üçün dəyərli sərmayə kimi qiymətləndirib. O, ikitərəfli və çoxtərəfli dialoqların gücləndirilməsinin regionda sülh və sabitliyin təməli olacağını vurğulayıb.
Mərasimdə çıxış edən yeni səfir Seyid Əli Moucani İranın Qafqaz ölkələrinin müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu xatırladıb. O, missiyası dövründə İranın regiondakı mövqeyini gücləndirmək və Gürcüstanla dostluq münasibətlərini genişləndirmək üçün bütün imkanlardan istifadə edəcəyini bildirib.