EURO 1,9828 NEFT 73,07
USD 1,7 RUB 0,0267

Ayətullah Əhməd Muctəhidi Tehrani kimdir?

Ayətullah Əhməd Muctəhidi Tehrani kimdir?

Viladəti və ailəsi


Muctəhidi Tehrani adı ilə məşhurlaşmış rəbbani alim, əxlaq ustadı, İlahi vaiz, əzəmətli məqam sahibi olan Ustad Hacı Şeyx Əhməd Molla Muhəmməd Əli Muctəhid dövrümüzün ən məşhur hövzə uləmasındən və ustadlarından idi. O, Tehran şəhərində Hacı Molla Muhəmməd Cəfər adlı mədrəsənin həm müdiri, həm də ustadı idi. Bu mədrəsədə təxminən minə yaxın tələbə İslam elmlərini öyrənirlər. Böyük ustad Hicri 1343-cü (1921-ci il) ildə Rəcəb ayının 2-də Tehran şəhərində dünyaya gəlib.

Ayətullah Əhməd Muctəhidi Tehrani fəzilətli, şərafətli və təqvalı bir ailədə tərbiyə alıb. Atası mərhum Muhəmməd Baqir, Tehranın imanlı və təqvalı şəxslərindən biri kimi məşhurlaşmışdı. Babası mərhum Mirzə Əhməd öz əsrinin möminlərindən və məşhur tacirlərindən biri olub. Əcdadları isə Kaşan şəhərinin böyük məqam sahibli üləmalarından olublar. Onlardan Hacı Molla Muhəmməd Əli Muctəhid, Hacı Molla Muhəmməd Baqir Muctəhid və Hacı Molla Muhəmməd Kazim Muctəhid Kaşaninin adlarını qeyd etmək mümkündür.

Ayətullah Muctəhidi Tehrani deyirdi: “Babam vəsiyyət etmişdi ki, onu babasının qəbrində dəfn etsinlər. Babası Hacı Molla Muhəmməd Əli Muctəhidin qəbri Qum şəhərindədir. Onun qəbrini açdıqda bədəninin olduğu kimi qaldığını və çürümədiyini gördükdə məcbur olub yeni bir qəbir qazırlar.”


Ayətullah Muctəhidi Tehraninin tələbəliyə başlaması


Ayətullah Muctəhidi Tehrani 19 yaşında mədrəsə dərslərini almağa başlayıb. Ondan qabaq Tehran bazarında işləyirmiş. Atası Mərhum Muhəmməd Baqir övladlarının tələbə olmasına razı deyildi. Lakin Ustadın elmə olan böyük marağı onu bu sahə üzrə tələbə olmağa çəkib gətirir. Bir neçə il atasının müxalifətçiliyi ilə üzləşən Ustad çətin illər keçirir. O dövrdə Ustad Mərhum Ayətullahul-üzma Seyyid Əbul Həsən İsfəhaniyə təqlid edirdi. O, təhsil almaq üçün atanın razılığını şərt bilmədiyindən Ustadın şəri baxımdan çətinliyi həll olmuşdu, illər keçdikdən sonra atası razılıq verməkdən əlavə, bu cür övlada sahib olduğu üçün fəxr edirdi.

Ayətullah Muctəhidi Tehrani özünün tələbə olması barədə belə deyir: “Yadımdadır, təzə tələbə olduğum vaxtlarda saçımı azaldıb saqqalımı uzatmışdım. Evə getdikdə dayım məni görüb üzünü turşudaraq dedi: -Bu nə haldır özünü salmısan? Atam dedi: -Mən sənin xərcini ödəməyəcəyəm. Və hətta başqaları belə deyirdi: -Tələbəliyi burax. Mənim isə bu sahəyə olan eşqim bu sözlərə fikir vermirdi. Elə buna görə bir müddət atam məndən küsdü. Bütün bunlar isə zərrə qədər mənə təsir etmirdi.”


Ayətullah Muctəhidi Tehraninin Ustadları


Ustad ilkin dərslərini və ərəb qrammatikasını Tehranda Mərhum Ayətullah Hacı Şeyx Əli Əkbər Burhanın yanında oxuyub. “Mətul” kitabını Mərhum Ayətullah Muhəmməd Cəvad Xəndəqabadi və Mərhum Ayətullah Seyyid Murtəza Ələvinin yanında oxuyub. “Luməteyn”i Ayətullah Şəhid Səduqi, Mərhum Cəvad Xəndəqabadi və Mərhum Şeyx Əbdur-rəzzaq İsfəhanidən, “Rəsail”i Mərhum Ayətullah Şeyx Muhəmməd Cəvad Xəndəqabadi, “Məkasib”i Mərhum Ayətullah Seyyid Muhəmməd Sadiq Təbatəbaidən, “Kifayə”nin 1-ci cildini Mərhum Ayətullah Seyyid Şəhabuddin Mərəşi Nəcəfidən, 2-ci cildini Mərhum Ayətullah Seyyid Sadiq Şəriətmədaridən öyrənib.

“Xaric” dərslərini (yüksək elmi dərslər) bir il Ayətullah Hacı Ağa Seyyid Muhəmməd Hüseyn Təbatəbai Brucerdinin yanında, bir il Ayətullah Seyyid Muhəmməd Rza Gülpayiqaninin, bir il Ayətullah Hacı Şeyx Əbbasəli Şahrudinin, iki il Ayətullah Şeyx Muhəmməd Rza Tənkabəninin, altı il Ayətullah Seyyid Əhməd Xansarinin yanında oxuyub. Əxlaq dərsini Ayətullah İmam Xomeyninin (r) yanında Qumun Feyziyyə mədrəsəsində cümə günləri əsrdən sonra təşkil olunan məclislərdə oxuyub. Əxlaq dərslərini bundan əlavə Huccətul-İslam vəl muslimin Mərhum Hacı Seyyid Hüseyn Fatimi Qumidən də bəhrələnib. Amma ən çox bəhrə apardığı əxlaq ustadı Tehrana qayıtdıqdan sonra Mərhum Hacı Şeyx Muhəmməd Hüseyn Zahid olmuşdur ki, onun məclislərində iştirak etməklə elm əldə edib.

Ustad 24 yaşında olarkən ailə həyatı qurur. Elə həmin il “Rəsail” və “Məkasib”dən Ayətullah Fazil (Ayətullah Fazil Lənkəraninin atası), Seyyid Muhəmməd Razi və Ağa Şeyx Qasim Nəhəvinin yanında imtahan verir. Təxminən iki il sonra Kifayənin və Xaric dərslərindən bir qisminin də imtahanını müvəffəqiyyətlə verir.

 

Tehrana hicrət və Mərhum Hacı Şeyx Muhəmməd Hüseyn Zahidlə tanışlıq


Ustad dərs aldıqca tədrislə də məşğul olurdu. Qumdan Tehrana qayıtdıqda axşamlar Mərhum Hacı Şeyx Muhəmməd Hüseyn Zahidin namaz qılıb, tədris etdiyi Əminud-Dolə məscidində sübh və əsr vaxtı dərs deməklə məşğul olurdu. Mərhum Hacı Şeyx Muhəmməd Hüseyn Zahid çox yaşlı olduğundan tələbələrə dərs deməklə yanaşı mənbərə də çıxıb moizə etdiyindən yorulurdu. O, Ustaddan xahiş edir ki, tədrisindən əlavə axşamlar mənbərdə də moizə etsin. Ustad iki il müddətində Qurani-Məcidin əvvəlindən 6 cüzü “Burhan” təfsiri əsasında açıqlayır. Hicri 1372-ci (1950) il Məhərrəm ayının 21-də böyük İslam alimi Arif, zahid və əxlaq ustadı Hacı Şeyx Muhəmməd Hüseyn Zahid dünyasını dəyişir.

Ayətullah Muctəhid Tehrani buyurur: “Bir axşam Əminul-dolə məscidində Mərhum Hacı Şeyx Muhəmməd Hüseyn Zahid üçün məclis verilirdi. Alimlər də dəvət olunmuşdu. Məscidin həyəti də dolu idi. Birdən gəlib mənə söhbət etməyimi bildirdilər. Mən söhbət etməyə hazır deyildim. Əyləşdiyim yerlə minbərin bir neçə addım fasiləsi vardı. Mənbərə tərəf gedərkən nə barədə danışacağımı düşünürdüm və bu ayə barədə söhbət etmək qərarına gəldim: “Rəhman olan Allah iman gətirib yaxşı işlər görən kəslər üçün tezliklə (dünya və axirətdə mələklərin və möminlərin qəlblərində) dostluq və məhəbbət yaradacaqdır.” (Məryəm surəsi, ayə 96) Ayənin tərcüməsini qeyd etdikdən sonra buyurdum: -Camaatın Şeyx Muhəmməd Hüseyn Zahidə olan məhəbbət və bağlılıqları onun təqvalı olmasından, sadə yaşayışından və dünyaya diqqətsizliyindən irəli gəlirdi.”


Vəfatı


“İnna lillah və inna iləyhi raciun” Bu böyük Ustad hicri 1429-cu il (2007-ci il) Məhərrəm ayının 4-də 85 yaşında Tehranın Bazərqanan xəstəxanasında ciyər xəstəliyindən dünyasını dəyişdi. Ağanın cənazəsi ilk olaraq Şəhid Mutəhhərinin adını daşıyan mədrəsəyə, daha sonra öz elmi hövzəsinə gətirildi. Ayətullah Muhəmməd Rza Məhdəvi Kəninin imamətliyi ilə namazı qılındıqdan sonra elə oradaca dəfn edildi.

 

Vəsiyyətnaməsi

 

Muctəhidi Tehrani adıyla məşhurlaşmış Baqirin oğlu Əhməd Hicri 1343-cü (1921-ci il) ildə Rəcəb ayının 2-də Tehran şəhərində dünyaya gəlib. Allahın təkliyinə, 124 min peyğəmbərin göndərilməsinə, onlardan 313 nəfərinin Mursəl olmasına və 5 nəfərinin Ulul-əzm olmasına, İslam peyğəmbərinin sonuncu peyğəmbər olduğuna, Qurani-Məcidin təhrifdən amanda qaldığına, 12 imamın imamlığına, onlardan birincisi Həzrət Əli ibn Əbu Talib (ə), sonuncusu Məhdi Sahibul-əsr vəz-zəman (ə.f) olduğuna və Onun sağ və qeybdə olmasına və İnşaallah İlahinin əmriylə zühur edəcəyinə, ölümün, qəbir suallarının, qiyamətin, əməllərin hesabına, sirata, mizana, cənnət-cəhənnəmə və xülasə, Mərhum Şeyx Səduqun “Etiqadat” kitabında yazdıqlarına etiqadım var və iqrar edirəm. Sağlam halda, ağıl vasitəsi ilə, öz istək və ixtiyarımla, heç bir məcburiyyət olmadan vəsiyyət edirəm. Burada yazılanlara məndən sonra əməl olunsun. Kim bunu dəyişərsə, Allahın rəhmətindən uzaq olsun.

Cənab Huccətul İslam vəl-muslimin Ağa Hacı Şeyx Mohsin Həbibi Həqirin vəsisidir. Tehran elmi hovzəsi və Mərhum Hacı Molla Muhəmməd Cəfər Məscidi ölümünün birinci həftəsinə kimi xüsusən gündüz və axşam məscidin işləri və ümumi dərsin idarəsi ağa Nəsirinin və s. mudərrislərin köməkliyi ilə idarə olunsun. Bir həftə keçdikdən sonra hər kimi məsləhət bilərlərsə, namazlara imamətlik etmək üçün seçərlər. Mədrəsənin tələbələrə verdiyi aylıq təqaüdləri Ağa Xudkar idarə etsin. Mənim yanımda qalan şeylərin sahiblərinə onları almaları üçün elan verilsin. İnşaallah Allah-təala və Həzrət Məhdi (ə.f) mədrəsənin tələbə pullarının ləngiməsinə imkan verməz. Mədrəsə tələbələrindən halallıq istəyirəm. İnşaallah, axşamlar sinəzənlik mərasimlərində bir neçə nəfər Həqirin qəbri kənarında rozə oxuyaraq, bağışlanmasını istəyərlər. Cənab Ağa Həbibi Həqirin kitablarını tələbələrə versin ki, onlardan istifadə etsinlər. Ehtiyata əsasən kitablar umumi tələbələrə İmamın (ə) payı kimi verilsin. Seyyid olan tələbələr bunları seyyid payı kimi qəbul etsinlər. Vəssəlamu ələykum və rəhmətullahi və bərəkatuh. Əhməd Muctəhidi Tehrani

Dünya müsəlmanlarının əziz rəhbəri Həzrət Ayətullah Xameneinin Ustadın vəfatı ilə əlaqədar verdiyi təsliyət:

Rəbbani alim və əxlaq müəllimi Mərhum Huccətul-İslam vəl muslimin ağa Hacı Şeyx Əhməd Muctəhidi Tehraninin vəfatı ilə əlaqədar Tehran alimlərinə, böyük alimlər, bu ruhani və dəyərli şəxsin tələbələrinə, tərbiyə etdiklərinə və ona sevgisi olanlara və xüsusi ilə ailəsindən qalmış möhtərəm ailəsinə təsliyət ərz edirəm. Bu əməl sahibli alimin bərəkətli ömrü dini xidmətin mənşəyi idi. Onlardan ən üstünü mədrəsənin təsis edilib, idarə olunması idi. Bu mədrəsə on illərlə alimlərin və fəzilət sahiblərinin tərbiyə olunduğu məkan olub. Hal-hazırda da orada tərbiyə olunmuşlardan fəzilət sahibləri, alimlər və böyük müctəhidlər sırasında olanlar var.

Elm, təqva və öhdəsinə götürdüyü çalışqanlıq bu dəyərli ruhaninin üç xüsusi özəlliyi idi. Bu özəllikləri dini tələbələrin tərbiyə olunmasında mühüm rol oynayıb. Və elmi hovzələr üçün çoxlu bərəkətlər vücuda gətirib. Onun Tehran elmi hovzələrində olan haqqı unudulan deyil. Allah-təala ona geniş rəhmətini nazil etsin və Muhəmməd (s) və Ali-Muhəmmədlə (ə) məşhur etsin.

Ayətullah Məkarim Şirazinin Ustadın vəfatı ilə əlaqədar verdiyi təsliyət:

Ayətullah Muctəhidi Tehraninin dünyasını dəyişməsindən çox təəssüf hissi keçiririk. Bu böyük alim bu uzun ömrü boyunca Tehrana dini tələbələrin tərbiyəsinə himmət göstərib. Onun elmi hovzəsi ən üstün hövzələrdən idi. Oradan çıxmış seçilmiş şəxslərin hər biri İslam cəmiyyətində müxtəlif sahələrdə xidmət göstərməklə məşğuldurlar. Bu dəyərli alim elmi sahədən əlavə təqva və əxlaq baxımından həqiqətən seçilmişlərdən idi. Əksəriyyət onun əxlaq dərslərinin lent yazılarını izləyirdilər.
Nüfuzedici və təsirli sözləri vardı. Bu, onun pak qəlbindən qalxıb ürəklərə yatırdı. O, mövlası və azadə insanların sərvəri olan Seyyiduş-şühədaya (ə) böyük eşq bəsləyirdi. Aşura günlərində ona qovuşdu. Allah Ustadı öz rəhmətinə qərq etsin. ümidvaram ki, əldən verdiyimiz bu səadətmənd insanın elmi hövzəsi fəzilət sahibi olan şagirdlərinin vasitəsilə öz elmi və dini həyatına davam edər. Bu böyük şəxsin vəfatı ilə əlaqədar elmi hövzələrə, şagirdlərinə, xüsusi dostlarına və möhtərəm ailəsinə təsliyət ərz edirəm.

Mənbə: "İslam Həqiqətləri"

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ