EURO 1,9479 NEFT 79,58
USD 1,7 RUB 0,0259

Bəhmənyar kimdir? (I hissə)

Bəhmənyar kimdir?

Əbülhəsən Bəhmənyar Azərbaycani - Şərq peripatetizminin görkəmli nümayəndələrindən biri, Azərbaycan fəlsəfi məktəbinin banisi, İbn Sinanın şagirdi. Doğum yeri naməlum olan filosof mənbələrdə bir qayda olaraq "əl-Azərbaycani" kimi xatırlanır və Azərbaycandan olması vurğulanır. Şagirdi Zəhirəddin əl-Beyhəqi filosofun Azərbaycandan olmasını xüsusilə qeyd edir. Bəzi mənbələr onun əvvəllər zərdüşt olduğunu, daha sonra islamı qəbul etdiyini qeyd edirlər. Bəhmənyar Azərbaycani əksər şərq peripatetikləri kimi öz əsərlərini ərəb dilində yazmışdır. Təkcə Azərbaycanda deyil, ümumilikdə Şərq fəlsəfəsi tarixində yaradıcılığı böyük əhəmiyyətə malik olan filosof həm də yetişdirdiyi dəyərli alimlərlə öz məktəbini yaratmışdır.

 

Həyatı

 

Əbülhəsən Bəhmənyar Mərzban oğlu böyük Azərbaycan filosofu, Şərq peripatetizminin görkəmli nümayəndələrindəndir. AMEA-nın müxbir üzvü Zakir Məmmədov araşdırmaları nəticəsində belə qənaətə gəlmişdir ki, Azərbaycanda Şərq peripatetizminin ilk böyük nümayəndəsi olan Bəhmənyar X əsrin sonlarında təvəllüd tapmışdır. Tədqiqatçı həmin tarixi 993-cü il kimi göstərmişdir. Orta əsr müəllifləri Bəhmənyarın "Azərbaycan ölkəsindən" ("min bilad Azərbaycan"), yaxud da "Azərbaycanlı" ("əl-Azərbaycani") olduğunu yazmışlar. İlk mənbələrdə o, atəşpərəst (məcusi, zərdüşti) sayılır. Bir sıra müəlliflər isə, onun islamı sonradan qəbul etdiyini söyləyirlər.
Professor Ə.K.Zəkuyev Bəhmənyarın "ibn əl-Mərzban" kimi tanındığını nəzərə alaraq, onu Cənubi Azərbaycan hakimləri olan mərzbanlar nəslindən hesab etmişdir. Mənbələrdə Bəhmənyar Mərzban oğlunun Kiya (hakim, bahadır) adlandırılması onun hakim olan mərzbanlar ailəsinə mənsubluğunu göstərir.
Əbülhəsən Bəhmənyar Şərqin ensiklopediyaçı alimi İbn Sinanın ən görkəmli şagirdi və davamçısıdır. Onun öz müəllimi ilə ilk görüşü haqqında yazırlar:
"Bir dəfə İbn Sina dəmirçixanada olarkən Bəhmənyar oraya gəlib od istəyir. Dəmirçi deyir: "Qab gətir, içərisinə od qoyum apar". Bəhmənyar ovcuna bir qədər torpaq töküb deyir: "Odu bu qaba qoy". Bəhmənyarın dərrakəsini görən İbn Sina onu özünə şagird götürür.
əl-Xansari - Raudat əl-cənnat fi əhval əl-üləma va-s-sadat. I cild, Tehran, 1306"
Bəhmənyar parlaq istedadı və çalışqanlığı ilə İbn Sinanın dərin rəğbətini qazanmışdır. Müəllim sonralar öz şagirdi haqqında iftixarlar yazırdı: "O mənə oğuldan artıq istəklidir. Mən ona təlim-tərbiyyə vermiş və bu səviyyəyə gətirib çıxarmışam."
1023-cü ildən qabaq Bəhmənyarın İbn Sina ilə qədim Azərbaycan şəhəri Həmədanda olması məlumdur. Sonralar İbn Sina bəzi yaxın adamları ilə birgə İsfahana gedərkən Əbülhəsən Bəhmənyarın onlarla birlikdə olması xəbər verilmir. Çox güman ki, İbn Sina Əlaüddövlənin sarayında yaşadığı dövrdə Azərbaycan filosofu ondan uzaqda olmuş, buna görə də onunla məktublaşmağa başlamışdır. Müəllimlə şagir arasında gedən mübahisələrə həsr edilmiş məktublardan bəzilərinin məzmunu onların təqribən XI əsrin 30-cu illərində yazıldığını göstərir.
Əbülhəsən Bəhmənyarın ölüm tarixi ayrı-ayrı müəlliflər tərəfindən gah 1038-ci, gah 1065-ci, gah 1066-cı, gah da 1067-ci illər kimi göstərilir. AMEA-nın müxbir üzvü Zakir Məmmədov isə ilk mənbələr əsasında filosofun 1066-cı ilin ortalarında vəfat etdiyini müəyyənləşdirmişdir.


Yaradıcılığı


Əbülhəsən Bəhmənyar İbn Sinadan sonra otuz ildən bir qədər az ömür sürmüşdür. Şərq peripatetizminin XI əsrin ortalarına aid mərhələsi birbaşa onun adı ilə bağlıdır. İbn Sina ənənələrini qoruyub saxlamaq filosofun üzərinə ciddi və məsul vəzifələr qoyurdu. O, var - qüvvəsini əsirgəmədən aristotelçi fəlsəfənin irəliyə doğru inkişafını təmin etməli idi. İbn Sina vaxtilə bəlkə də bu ümidlə sevimli şagirdi Bəhmənyar haqqında yazmışdı: "Onun axır gəlib mənim yerimdə olmasına bir şey qalmayıb."
Bəhmənyar öz yaradıcılığında İbn Sinanın əsərlərindən iqtibaslara geniş yer vermiş, müəlliminin ideyalarının daha artıq dərəcədə təbliğinə çalışmışdır.
Mənbələrdə və məxəzlərdə Bəhmənyarın aşağıdakı əsərlərinin adı qeyd edilmişdir:
Azərbaycan dilində adı - Orijinal adı
Təhsil - "ət-Təhsil"
Məntiqə dair Zinət - "əz-Zinə fi-l-məntiq"
Gözəllik - "əl-Bəhcə"
Səadət - "əs-Səadə"
Musiqi kitabı - "Kitab fi-l-musiqa"
Metafizikanın mövzusu - "Maudu elm ma bəd ət-təbiə"
Mövcudatın mərtəbələri - "Məratib əl-maucudat"

"Təhsil" əsəri Bəhmənyarın yaradıcılığında xüsusi yer tutur. Filosof bu əsəri dayısı Əbu Mənsur Bəhram ibn Xürşid ibn İzədyara ithaf etmişdir. Onun ərəb dilində orijinalının müxtəlif illərdə köçürülmüş əlyazma nüsxələri Rampur, Tehran, İstanbul, Vatikan, Qahirə, London və Beyrut şəhərlərinin kitabxanalarının əlyazma fondlarında saxlanılmaqdadır. "Təhsil" ilk dəfə 1971-ci ildə Tehranda nəşr edilmişdir.
Bəhmənyar İbn Sina ilə apardığı mübahisələr nəticəsində yazdığı bu əsərin quruluşuna görə "Bilik kitabı", mənalarının əhatəsi sarıdan öz müəlliminin bütün əsərlərinə müvafiq gəldiyini müqəddimədə qeyd edir. Təhsil əsəri "Məntiq" ("əl-Məntiq"), "Metafikizika" ("Elm ma bəd ət - təbiə") və "Əyani mövcud şeylərin halları" ("Əhval əyan əl - maucudat") olmaqla üç kitabdan ibarətdir. Bunlar Şərq peripatetizminin əsasən nəzəri hissəsini fadə edir. Müəllif burda Aristoteldən başqa Empedoklun, Evklidin, Sokratın, Platonun və antik dövrün digər nəhəng alimlərnin adlarını çəkmiş, onlardan iqtibaslar gətirmişdir. O, mühüm fəlsəfi problemlərin qoyuluşunda və həllində İbn Sinanın əsərlərindən, ümumiyyətlə fikirlərindən geniş bəhrələnərək müəlliminin yolunu ardıcıl davam etdirmişdir.
"Təhsil" orta əsrlərdə məntiq, metafizika və təbiyyatı öyrənmək üçün mühüm mənbələrdən biri olmuşdur. Görkəmli ərəb filosofu Əbdüllətif Bağdadi (1163 - 1231) peripatetizmə dair başqa əsərlərə yanaşı bu kitabdan təhsil aldığını xüsusi qeyd etmişdir.
Zakir Məmmədov tədqiqatlarına qədər Bəhmənyarın "Metafizikanın mövzusu" və "Mövcudatın mərtəbələri" adlı kiçik həcmli iki traktatı məlum idi. Tədqiqatçı filosofun geniş həcmli "Təhsil" əsərinin varlığını aşkara çıxarmışdır. Onun əlaqədar təşkilatlara çox saylı müraciətləri hesabına həmin traktat Azərbaycana gətirilmişdir. Alim "Təhsil" əsərini ilk dəfə olaraq tam halda tədqiqata cəlb etmişdir. "Təhsil" fəlsəfi biliklərin öyrənilməsində lazımlığına və məşhurluğuna görə hələ o dövrdə ərəb dilində olan orijinalından fars dilinə tərcümə edilmişdir. Bu sərbəst tərcümənin XVII əsrdə köçürüldüyü güman edilən bir əlyazması Özbəkistan Elmlər Akademiyasının Biruni adına Şərqşünaslıq İnstitutunun Əlyazmalar Fondunda saxlanılır. Əlyazmada əsərin ünvanı "Dünyanı göstərən cam" ("Came cahan - noma") kimi tanınmış, "Kəmaləddinə töfhə kitabı" yazılmışdır. Burada müəllifin adı çəkilmir, ancaq bir yerdə belə ifadə işlədilir: "Dünyanı göstərən cam kitabı nəinki "Təhsil" kitabı üslubundadır, hətta özü tərcümədir". Əsərin farsca başqa bir əlyazma nüsxəsi İranda Milli Şura Məclisi Kitabxanasında saxlanılır. "Təhsil" fars dilində Tehranda (1983), rus dilində Bakıda (1983, 1986) nəşr edilmişdir.
"Metafizikanın mövzusu" və "Mövcudatın mərtəbələri" traktatlarının əlyazma nüsxələri Avropanın müxtəlif kitabxanalarında saxlanılır. S. Popper bu iki traktatı ərəb dilindən alman dilinə tərcümə etmiş, 1851-ci ildə hər iki dildə nəşr etdirmişdir. Həmin traktatlar 1911-ci ildə Qahirədə çap olunmuşdur. AMEA-nın müxbir üzvü Zakir Məmmədov "Metafizikann mövzusu" və "Mövcudatın mərtəbələri" traktatlarını Azərbaycan dilinə tərcümə etmiş, həmin tərcümə əsərləri "Şərq fəlsəfəsi (IX-XII əsrlər)" kitabında 1999-cu ildə çapdan çıxmışdır.
Bəhmənyarın yaradıcılığına İbn Sina ilə onun arasında baş verən elmi - fəlsəfi mübahisələr xüsusi təsir göstərmişdir. Əsas etibarilə "Mübahisələr" kitabında toplanmış həmin polemik əsərlərdə elmlərn təsnifatı, əql, nəfs, materiya, forma və digər mövzularda ciddi söhbətlər gedir. Ayrı-ayrı fraqmentlər halında bir sıra məntiq, metafizika və təbiətşünaslıq məsələlərinin şərh edildiyi "İzahat" ("Ət - Təliqat") deyilən bir kitabı bəzi müəlliflər İbn Sinaya mənsub bilməklə bərabər onu Bəhmənyarın söyləməsi adlandırmışlar. Onların fikrincə Bəhmənyar "İzahat" kitabını İbn Sinadan eşidib yazmışdır. Bu kitabla "Mübahisələr" kitabı arasında müəyyən uyğunluqlar vardır.
Əbülhəsən Bəhmənyarın yaradıcılığı, xüsusən onun "Təhsil" əsəri nəinki Azərbaycan fəlsəfəsinin, bütün Yaxın və Orta Şərq ölkələri xalqlarının fəlsəfi fikrinin mühüm nailiyyətlərindən sayılır.


Varlıq təlimi

Vacib və mümkün varlıq


Bəhmənyarın metafizikasında anlayışların üstünlük dərəcəsi həcm genişliyinə əsasən müəyyənləşdirilir. Bu baxımdan ən geniş həcmə və ən böyük ümumiliyə malik "varlıq" anlayışı daha üstün hesab edilir. "Təhsil" kitabında göstərilir ki, "varlığa məntiqi tərif vermək mümkün deyildir. Belə ki, o təsəvvürdə daha ilkindir, zira onun üçün nə cins, nə də fərqləndirici əlamət vardır. Bir sözlə varlığı tanıdacaq daha mühüm bir şey yoxdur."
Müxtəlif baxımdan nəzərdən keçirilən varlıq vacib və mümkün, səbəb və nəticə, ilkin və meydana çıxmış və s. qismlərə bölünür. Zəruri və mümkün qismlərə bölünməsi baxımından varlığın təsnifatı bütün şərq peripatetiklərinin ontologiyasında mühüm yer tutur. Zəruri, yaxud vacib varlıq mövcudatın əsasını təşkil edir, ondan savayı mövcud olan hər şey mümkün varlıq sayılır.
Bəhmənyar varlığın qismlərini qarşılıqlı surətdə araşdıraraq yazır ki, "vacib varlıq qeyri-mövcudluğunun fərz edilməsi mümkün olmayan varlıqdır". Mümkün varlıq isə nə varlığı, nə də yoxluğu cəhətdən zəruridir. Filosof bununla belə bir fikri təsdiqləyir ki, "vacib varlıq öz - özlüyündə səbəbsiz varlıqdır, çünki öz varlığında onun bir səbəbi olsaydı, varlıq həmin səbəb ilə mövcud olardı.Onda o, öz - özlüyündə vacib varlıq olmazdı. Mümkün varlıq öz mahiyyətinə görə mümkün sayılan varlıqdır. Belə ki, onun varlığı və yoxluğu bir səbəblədir."
Əbunəsr Farabi göstərirdi ki, mümkün varlıq öz-özlüyündə mümkün, vacib varlığın sayəsində isə zəruridir. Bu müddəa İbn Sina, Bəhmənyar və sonrakı peripatetiklər tərəfindən də qəbul edilmişdir. Bəhmənyar vacib varlıq haqqında "səbəbi olmayan varlıq", "ilk səbəb", "tək" ifadələrini işlətmişdir. Ərəbdilli peripatetiklər ilk səbəb və onun nəticəsi məsələsi ilə dərindən maraqlanmış, öz ontoloji təlimlərini bu təməl üzərində qurmuşlar. Bu baxımdan Yəqub Kindi ilk səbəbə dair elmi "ilk fəlsəfə" kimi dəyərləndirmişdir. Bütün mövcudatı səbəb və nəticə asılılığında təsəvvür edən Bəhmənyar isə yazırdı: "Qarşımıza çıxan iki şeydən biri səbəb, digəri isə nəticədir."
Vacib varlığın mahiyyətsiz mövcudluğuna dair müddəaya gəldikdə, Şərq peripatetiklərinin hamısı bunda həmrəy idilər. Onların fikrincə zəruri varlığın əsasında heç bir substansional mahiyyət durmur. Bəhmənyar bu münasibətlə yazır: "Öz - özlüyündə vacib varlıq üçün varlığın vacibliyini lazım bilən bir mahiyyətin olması doğru deyildir. Onda varlıqdakı həmin vacibliyin o mahiyyətdən asılı olması və onsuz vacib olmaması lazım gələrdi... Bu halda vacib varlıq vacib olmazdı, çünki onunçün vacib olan səbəb vardır. Bu isə qeyri - mümkündür. Deməli, vacib varlıq üçün heç bir mahiyyət yoxdur."
Bəhmənyara görə mahiyyət ancaq mümkün varlıq üçündür. Vacib varlıq əvvəlcə substansiyadan ibarət mahiyyəti, daha sonra başqalarını əmələ gətirir. "Təhsil" kitabında deyilir: "Mahiyyətə malik hər bir şey nəticədir". Bu fikir "İzahat" kitabında da eynilə təkrar edilir.


Səbəb və nəticə


Mütəkəllimlər ilk varlığın əsasında bir varlığın olduğunu söyləyirdilər. İslam sxolastları bununla peripatetiklərin təlimində vacib varlığın özünün özü üçün səbəb olması fikrinə qarşı çıxırdılar.
İlk səbəb və nəticə haqqında təlim qabaq (öncə) və sonra bəhsində davam etdirilmişdir. Bəhmənyarın qabaq və sonra anlayışlarını təhlil etməsi onun fəlsəfi mövqeyini düzgün giymətləndirmək üçün müəyyən əhəmiyyət daşıyır. Bu bəhsə "Metafizikanın mövzusu" və Təhsil" əsərlərində xüsusi fəsillər ayrılmışdır. Qabaq və sonra 1) zaman və məkan, 2) üstün və sabiq, 3) tək və çox, habelə 4) varlığın hasili baxımındandır. Bəhmənyar qabaq və sonra mənalarını ətraflı şəkildə izah etdikdən sonra bildirir ki, bu qabaq onların bütün kateqoriyaları təbiətcə və səbəbiyyətcə xüsusiləşən şeydən başqa həqiqi qabaqlıq (öncəlik) deyildir. Zamanca qabaqlıq vəhmdə və fərziyyədə olan bir şeydir. Həqiqi qabaqlıq isə mahiyyət etibarilə olur. Mahiyyətcə qabaqlıq dedikdə bir şeyin varlığının başqasından, yaxud müqayisə edilən ikinci şeydən asılı olması nəzərdə tutulur. Həmin ikinci şeyin varlığı birincidən faydalanır. Öz müəllimi İbn Sina kimi Bəhmənyar da ilk səbəb ilə nəticə arasındakı, başqa sözlə, vacib varlıq ilə maddi aləm arasındakı münasibəti əsla zamanca, yaxud məkanca qabaq və sonra olmaya görə müəyyənləşdirməmişdir. Əksinə, filosof dəfələrlə qeyd etmişdir ki, səbəb ilə nəticə zamanca birgədir.
Bəhmənyar səbəb ilə onun təsirinin öz aralarında həmişə ayrılmaz surətdə bağlı olduğuna və birinin digərsiz mövcud ola bilməyəcəyinə uyğun gələn səbəbiyyət haqqındakı periatetik təlimi nəinki tənqid etməmiş, əksinə, göstərmişdir ki, səbəb məhz nəticəyə nisbətdə səbəbdir, zira "səbəb əgər felən səbəbdirsə, onunla birlikdə nəticənin olması vacibdir."
Bəhmənyar "səbəbin varlığından nəticənin varlığının hasili vacibdir" tezisini "Metafizikanın mövzusu" traktatında da bəyan etmişdir .
Bəhmənyara görə, aləm və zaman ilk səbəbdən heç bir boşluq vasitəsiylə nə ayrılar, nə də aradan qaldırıla bilər: "Əgər aləm aradan qaldırılmış fərz edilərsə, ölçülərin mövcudluğu vacibdir, belə ki, sonsuz bir fəza fərz edilir. Ondan ötrü isə sabit bir müddət fərz edilir. Bunun hər ikisi qeyri - mümkündür. O ikisinin xəyalda aradan qaldırılmasının qeyri-mümkünlüyünə dəlil budur ki, zaman əbədidir, aləm əbədidir." .
Bəhmənyar bununla belə qənaətə gəlir ki, ilk səbəb nəticəni zamanca qabaqlamaq xüsusyyətinə malik deyildir.
Dörd cür səbəb haqqında aristotelçi təlim ərəbdilli filosofların varlıq təlimində mühüm yer tutur. Bəhmənyar əmələgətirici (əl-fail), forma (əs-surə), materiya (əl-maddə), yaxud ünsür (əl-ünsür), məqsəd (əl-ğayə) səbəblərini "Təhsil" kitabında aşağıdakı misalla izah edir: "Qapının hazırlanmasında dülgərin işi əmələgətirici, ağaca müəyyən forma verilməsi forma, qapı üçün ağac materiya və qapının hasilindən nəzərdə tutulan fayda məqsəd səbəbidir." 


Mövcudatın mərtəbələri

Bəhmənyarın İbn Sina ilə apardığı mübahisələrdən müəyyən olur ki, o, yaradıcılığınn müəyyən dövrünə qədər emanasiya təliminə şübhə ilə yanaşmışdır. Filosof bu yerdə Stagiritin təliminə daha çox yaxınlaşırdı. Aristotel öz ontologiyasında mövcudat mərtəbələrindən deyil, "formalar forması" və onun fəaliyyətə (vucuda) gətirdiyi mövcudatı təşkil edən forma və materiyadan ibarət sturkturu qəbul edirdi. Lakin Bəhmənyar emanasiya nəzəriyyəsinə axıradək laqeyid qalmamışdır. İlk varlıqdan çıxan varlığın tək mahiyyət olması haqqında müddəa "Təhsil" və "Mövcudatın mərtəbələri" traktatlarında iqrar edilmişdir. "Çünki ilk varlıq hər cəhətdən vahidi lazım bilir. Bu tək mahiyyət qeyri - maddi bir şey olmalıdır."
Bəhmənyara görə birinci əqlin zəruri surətdə ilk qəli dərk etməsi başqa bir əqlin varlığı üçün səbəbdir, varlığı isə, ilk nəticənin özü - özlüyündə mümkün bir mahiyyət olmasından və ilk səbəbdən onun üzərinə bir şeyin axıb tökülməsindən irəli gəlir.
Şərq peripatetiklərinin, o cümlədən Əbülhəsən Bəhmənyarın kosmologiyasında mövcudat müxtəlif mərtəbələrdən ibarət bir quruluşda təqdim edilir. "Mövcudatın mərtəbələri" traktatında əsasən mücərrəd substansiyalara diqqət yetirilir: "Mücərrəd substansiyalar real gerçəkliklərin dörd müxtəlif mərtəbəsidir: 1) heç bir səbəbi olmayan varlıq, o təkdir, 2) fəal əqllər, onlar növə görə çoxdur, 3) səmavi nəfslər, onlar növə görə çoxdur, 4) insani nəfslər, onlar şəxslərə görə çoxdur."
"Təhsil" kitabında mövcudatın bütün mərtəbələri nəzərdən keçirilir: ilk səbəb, ilk nəticə materiya və formadan təşəkkül tapmış göy sferaları, onlara aid planetlər, fəal əqllər və nəfslər, nəhayət ünsürlər aləmi. Birinci göydən sonra sabit ulduzlar göyünün sferası, onun ardınca Saturn (Zühəl), Yupiter (əl - Müştəri), Mars (əl-Mirrix), Günəş (əş-Şəms), Venera (əz-Zührə), Merkuri (Utarid), Ay (əl-Qəmər) planetləri, sferaları gəlir. Bütün bunların mərkəzində isə Yer kürəsi dayanır.
Dünyanın vəhdətini qəbul edən Şərq peripatetikləri, onun çoxluğunun inkarı üzərində özlərinin orijinal əsərlərində də xüsusi dayanmışlar. İbn Sinanın "Nicat" kitabının "Aləm vahiddir və onun çox olması mümkün deyildir", "Bilik kitabı" əsərinin "Bəsit cismlərin yerləri və cismani aləmin vəhdəti" fəsilləri bu münasibətlə yazılmışdır. Bəhmənyarın təhsil kitabında da dünyanın vəhdəti məsələsinin şərhinə geniş yer verilmişdir:
"Çoxlu aləm mövcud ola bilməz. Artıq aydınlaşdırdıq ki, göy sferası xaricində heç nə yoxdur. Aydın oldu ki, forma ilə təsəvvür edilə bilinməyən materiya mövcud deyildir. Deməli aləmə aid forma vahid materiya ilə xüsusiləşir. Vahid aləmdə ehtiva olunan şeylərin hamısı ondan toplanır. Beləliklə çoxlu aləmin varlığına imkan qalmır. Dünyanın vəhdəti aksidental surətdə yox, aktual surətdə olmalıdır. Varlıq aktual surətdə vahid, potensial surətdə çoxluqdur. Bu vəhdət nizamın, yaxud onun mislində bir şeyin vəhdətidir."
Aristotelin kosmologiyası kimi Şərq peripatetiklərinin kosmologiyası da teoloji səciyyə daşıyır. Onların rəyincə, bütün mövcudatda tam bir məqsədəuyğunluq hökm sürür, zira mövcud qayələr və səbəblər son nəticədə vahid ilk səbəblə şərtlənirMövsudatda tam bir məqsədəuyğunluğun hökm sürdüyünü qəbul edən şərq peripatetikləri hər şeyin zərurət üzündən baş verdiyini iqrar edirlər. "Təhsil" kitabında zərurət təsadüf ilə birlikdə, müqayisəli surətdə nəzərdən keçirilir. Bəhmənyarın fikrincə daimi və təkrarlanan şeyi təsadüf adlandırmaq olmaz, təsadüf yekcins və azlıqda qalan şeydə mövcuddur. Bununla belə, filosof qeyd edir ki, yekcins və azlıqda qalan şey, hansısa bir cəhətdən zəruridir.


Təsadüf və zərurət


Şərq peripatetikləri təsadüfdən söz açsalar da, onu zərurətə qarşı qoyub inkar etmişlər. Onlar metafizik materialstlər kimi çıxış edərək göstərmişlər ki, təsadüf anlayışı şeylər və hadisələr arasındakı qarşılıqlı əlaqəni bilmədikdə ortaya çıxır. Hadisələrin səbəbi aşkar edildikdə onları təsadüf saymaq düzgün deyildir. Bəhmənyar yazır ki, "əgər bir adam öz məlumatı ilə hr şeyi əhatə etsəydi, biliyindən heç şey kənarda qalmazdı, heç nə onun üçün təsadüfi mövcud olmazdı, əksinə zəruri olardı". Filosofa görə birisi yol gedərkən bir xəzinə taparsa bu tapıntı təsadüf sayılır. Lakin həmin şəxsi xəzinəyə doğru aparan bir səbəb olmuşdur. O mənada təsadüf deyilən şey, əslində zəruriliklə baş vermişdir. Filosofun nəzərində təsadüf öz aralarında səbəb əlaqəsi olmayan haqqında deyilə bilər, məsələn, Zeydin əyləşməsi ayın tutulması ilə bir vaxta düşür, bu xalis təsadüfdür.
Ardıcıl determinist olan Şərq peripatetiklərinin təsadüfün obyektivliyini inkar etməklə zərurəti təsadüf həddinə gətirib çıxarırdılar. Məsələn, "Təhsil" kitabında deyilir ki, bir əldə beş əvəzinə altı barmağa təsadüf edilərsə, bu özü də müəyyən bir zərurətdir, çünki, o, müəyyən səbəblə əlaqədardır.
Dünyanın nizamı, quruluşu Şərq peripatetiklərinin nəzərində hər cür qüsurdan xali, mütləq surətdə ölçülü - biçilidir. Bəhmənyar bu barədə ətraflı söhbət açdıqdan sonra yazır ki, bu nizam həqiqi nizamdır, ondan daha üstün, daha bitkin bir nizam yoxdur. Fəal əqllər mütləq xeyirdən və onun tələbatından zəruri surətdə çıxmşdır. Göy sferalarının altında təzahür edən şeylərin nizamı ən üstün hərəkətlərdən - sferaların hərəkətlərindən asılıdır. Deməli, təbiət aləmindəki mövcud bu nizam da mümkün ola bilən ən bitkin , ən üstün nizamdır.
Əbülhəsən Bəhmənyar öz sələfləri kimi, mövcudatı mərtəbələrdən ibarət bilib göstərmişdir ki, dünyanın zamanca başlanğıcı yoxdur, o, əzəli və əbədidir.
Bəhmənyarın varlıq təlimində mümkün varlıq öz növbəsində substansiya (əl-cauhər) və aksidensiya (əl-arad) olmaqla iki qismə bölünür. "Təhsil" kitabında deyilir: "Əgər mümkün şeylər mövcuddursa onların varlığı ya bir substratda, ya da qeyri-substratda olur. Substratda mövcud olan aksidensiya adını daşıyır, substratda mövcud olmayan isə substansiyadır." Farabi və İbn Sina kimi Bəhmənyar da substansiya və aksidensiyanın şərhinə geniş yer vermişdir. "Təhsil" kitabında bu mövzuya xüsusi fəsil həsr edilərək israrla deyilir: "Substansiya odur ki, heç bir substratda mövcud deyildir." "İzahat" kitabında da bu fikir üzərində əsaslı dayanılır: "Substansiya substratda yox, konkret şeylərdə mövcuddur", "substansiyanın real gerçəkliyi mahiyyətdir, mahiyyəti olmayan heç şey substansiya deyildir."


Materiya və forma


Aristotel təlimindən çıxış edilərək, "Təhsil" kitabında ayrı-ayrı fərdi şeylər ilk substansiya adlandırılır və bu, sair substansiyalardan üstün, qabaq sayılır. Əbülhəsən Bəhmənyarın fikrincə növ ikinci, cins isə üçüncü substansiyadır. Zeyd və Əmr ilk substansiyaya, insan və heyvan uyğun olaraq ikinci və üçüncü substansiyaya misal çəkilir. İkinci və üçüncü substansiyaların birinci substansiyadan fərqi budur ki, onlara işarə edilmir. "Təhsil" kitabında deyilir ki, Zeydə işarə etsən, insana işarə etmiş olarsan. Əgər insan təkcə Zeyd üçün predikat olsaydı, onda hər bir insan Zeyd olardı. Əksinə, ümumi anlayışlar işarə ediləni göstərmir.
Öz sələfləri kimi Bəhmənyar da substansiyanı beş qismə bölür: materiya, forma, cisim, nəfs və əql. O, "Mövcudatın mərtəbələri" traktatında yazır ki, cism materiya və formadan ibarətdir. Forma öz varlığında materiyaya, materiya isə formaya möhtacdır.
"Təhsil" kitabında qapının quruluşu onun formasına, qapının təşəkkül tapdığı ağac isə onun materiyasına misal gətirilir. Bəhmənyar materiya ilə formanın vəhdətini, onların bir - birindən ayrılmazlığını belə ifadə etmişdir: "Əgər deyilərdisə: materiya yox olduqda forma qala bilərdimi? Deyərdik: yox!"
"İzahat" kitabında bildirilir ki, materiya ilə forma biri digəri üçün səbəbdir, bir - birini şərtləndirir: "Forma materiyanın qərarlaşmasında və aktual surətdə mövcud olmasında onun səbəbidir. Əgər onun mövcudluğu üçün səbəb olmazdısa, forma materiyadan ayrı düşərdisə, formanın fərdiləşməsi batil olardı. Ona görə batil olardı ki, onun varlığı həmin materiyada mövcud idi." Filosofun fikrincə materiyasız forma olmadığı kimi, formasız da materiya mümkün deyildir, çünki, materiyada bir forma aradan qalxdıqda, labüd surətdə, onu başqası əvəz edir. O yazır: "Forma bir formanın gəlişi olmadan materiyadan ayrı düşməz. Bu başqa forma materiyanın mövcudluğunda birinci formanın funksiyasını yerinə yetirir."
Əbülhəsən Bəhmənyar öz müəllimi İbn Sinanın mövqeyindən çıxış edərək göstərir ki, "materiya əsla məhv olmur". Bu baxımdan materiyadan ayrılmaz forma da onunla vəhdətdə daimidir.
Şərq peripatetiklərin, o cümlədən Bəhmənyarın əsərlərində materiya ilə forma donuq, ətalətli bir şey kimi görülmür, onlar arasında mütləq hədd olmadığı, onların bir - birinə keçə bilmələri qəbul edilir: müəyyən münasibətdə materiya adlanan şey başqa münasibətdə forma sayılır.


Cisim


Əbülhəsən Bəhmənyar göstərir ki, cisim, materiyadan və mövcud formadan təşəkkül tapır. Deməli, cismin mövcudluğu o ikisindən sonradır. Filosof cisimlərin çox olduğunu göstərir: səmavi cisimlər, ünsüri cisimlər, dörd ünsürdən (od, hava, su və torpaqdan) təşəkkül tapmış cisimlər: buludlar, meteoritlər, küləklər, minerallar, bitkilər, heyvanlar və sair. Peripatetik alimlərin fikrincə, bütün bunlarda bir nizam, bir tərtibat vardır. Onların kosmologiyasına görə, maddi varlıqların ən ali mərtəbəsində cəhətlərlə hüdudlanmış birinci cisim durur. Bəsit, sonlu sayılan bu cismin təbii şəkli sferik (kürəvi) təsəvvür edilir. Başqa göy sferaları, "Təhsil" kitabında deyildiyi kimi, biri digərinin içərisində yerləşən sferalar birinci cisimlə əhatə olunur. Bütün cisimlərin məcmusu vahid sferanı (kürəni) əmələ gətirir.
Bəhmənyarın fikrincə, cisim hiss (duyğu) ilə qavranıldığı üçün onun isbatına ehtiyac yoxdur. Cismə üç ölçüyə - uzunluğa, enə və dərinliyə malik substansiya kimi tərif verilərək, onun mövcudluq üsulu göstərilir.
Şərq peripatetiklərinin varlıq təliminə görə, hər bir cismin təbiəti, materiyası, forması və aksidensiyaları vardır. Bəhmənyar yazır ki, cismin təbiəti onun özünəməxsus dəyişmə və sükunətin təzahür etdiyi qüvvədir. Cismin forması o mahiyyətdir ki, cisim necə varsa, məhz onun sayəsində elədir. Cismin materiyası formanın daşıyıcısı mənasındadır. Aksidensiyalar odur ki, cismin materiyası forması ilə birlikdə təsəvür edildikdə və növ xüsusiyyəti tamamlandıqda ona daxilən xas olur, yaxud kənardan qoşulur.
"Təhsil" kitabında deyilir ki, şeyin təbiəti onun forması ilə eyni ola bilər, bəsit cisimlərdə (dörd ünsürdə) belədir. Suyun təbiəti elə mahiyyətlə eynidir ki, su necə varsa məhz onun sayəsində o cürdür. Lakin həmin mahiyyət ondan meydana çıxan əsər - əlamətlərə nisbətdə təbiətdir, su növünü müəyyən etməsinə nisbətdə isə formadır.
Bəhmənyarın fikrincə, cisimlər ya bəsitdir ki, onların vahid təbiəti vardır, ya da mürəkkəbdir ki, təbiətləri müxtəlif olan cisimlərdən ibarətdir. Mürəkkəbdə elə məziyyət olur ki, bəsit cisimlərdə o yoxdur, məsələn, kuporosdan və ağac fırından düzəldilmiş boyada olan keyfiyyət. Bəsit cisimlər ya elədir ki, onlardan tərkib vücuda gəldikdə, ondan bəsit cisimlərdə mövcud olmayan bir şey hasil olur, ya da elə bəsitdir ki, ondan heç şey təşəkkül tapa bilmir. "Təhsil" kitabında cismin varlıq üsuluna dair nəzər əhlinin üç doktrinası qeyd edilir: 1) "cisim bəsitdir, onda mürəkkəblik yoxdur.", 2) "cisim bölünməz hissəciklərdən ibarətdir", 3) "cisim forma və materiyadan təşəkkül tapmışdır." Bəhmənyar birinci müddəanı qənaətbəxş saymamış, ikinci müddəanın təkzibi üzərində xüsusilə geniş dayanmışdır. "Təhsil" kitabında "Cisim bölünməz hissəciklərdən düzəldilmişdir deyən kəsin sözünün batil edilməsi haqqında" adlı xüsusi fəsil vardır. Bəhmənyar cismin materiya və formadan ibarət olmasını, habelə onun sonsuz surətdə bölünə bilməsini söyləməklə cismin bölünməz hissəciklərdən (atomlardan) təşəkkül tapmasını qəbul edən mütəkəllimlərə qarşı çıxmışdır. O, bu yerdə də ardıcıl aristotelizm mövqeyində dururdu. Təbiətdə boşluğun olması ideyasını rədd edən aristotelçilər cisimlər aləmini üzvi əlaqədarlıqda vəhdətə götürürdülər.


Nəfs


Şərq peripatetiklərinin ontologiyasında materiya, forma və cisim maddi substansiyalar sayılır. Materiya və formanın vəhdətini ifadə edən cisim mürəkkəb substansiya adlanır. Əbülhəsən Bəhmənyarın və digər aristotelçi filosofların fikrincə, nəfs və əql mücərrəd dərkedici substansiyalardır. Həmin substansiyalar arasında fərq bunda görülür ki, əql maddə ilə təmasda olmadığı halda, nəfs cisimlərdə qərar tuta bilir.
Bəhmənyar "Təhsil" kitabında yazır ki, ünsürlərdən və onların qarışığından əmələ gəlmiş cisimlər (canlı varlıqlar) durur, radə ilə hərəkətdə olur. Qidalanır, böyüyür və maddələr mübadiləsi edir. Bu, onların cisimliklərinin hesabına deyildir. Deməli, onların maiyyətlərində öz cismlərindən başqa bir şey olmamalıdır. Biz həmin şeyi nəfs adlandırırıq. Filosof nəfsin üç - nəbati, heyvani və insani növlərini fərqləndirir. Nəfsin nəbati qüvvəs qidalanma, inkişaf edib böyümə və törəyib çoxalma vəzifələrini yerinə yetirir. Heyvani nəfs qüvvələri təhrikedici (şəhvət, qəzəb) və qavrayıcı (xarici və daxili hisslər) olmaqla iki yerə bölünür. "Təhsil" kitabında deyilir ki, bütün heyvani qüvvələrin fəaliyyəti yalnız bədənlə olur. Qüvvələrin mövcudluğu onların fəaliyyət göstərmələri sarıdandır. Heyvani qüvvələr, deməli, bədənə məxsus fəaliyyət göstərmələri sarıdan mövcuddur. Belə ki, onlar bədənin yox olması ilə yoxa çıxır.
İnsani nəfs qüvvəsinə gəldikdə, o, əqldən və yaxud düşünən qüvvədən ibarətdir. Özlərinə məxsusu nəfsi qüvvələrlə bərabər heyvan nəbati, insan isə heyvani və nəbati qüvvələrə də malikdir. Lakin Bəhmənyarın fikrincə, birkidə, heyvanda və insanda müştərək olan nəfsi qüvvələr eyniləşdirilə bilməz, onların arasında əsaslı keyfiyyət fərqləri vardır. XI əsr Azərbaycan filosofu bu münasibətlə yazır:
"Biz insanda və sair heyvanlarda bir həfs qüvvəsi var dedikdə onlarda, məsələn, xurmada olan nəfs qüvvəsinin mövcudluğunu nəzərdə tutmuruq, əksinə, nəbati nəfs fərqləndirici əlamətlərə görə müxtəlif olan cinsi bir mənadır. Belə ki, insandakı nəbati nəfs insanı elə sərf edir ki, o, materiyanı (bədəni) insani dərkedici qüvvələr üçün alət olmağa gətirib çıxarır."
Nəbati, heyvani və insani nəfs qüvvələri arasında keyfiyyət müxtəlifliyi orqanizmlərin tərkib və təşəkkül cəhətdən müxtəlifliyindən irəli gəlir. Filosofa görə, insandakı ət insan nəfsinin fəaliyyəti üçün münasibdir, at nəfsinin fəaliyyəti üçün münasib deyildir.
Təbiətşünas Şərq filosofları orta əsrlərdə bitki, heyvan və insanı, ümumiyyətlə, üzvi aləmi, habelə bütün maddi varlıqları bir-birindən təcrid edilmiş şəkildə deyil, qarşılıqlı əlaqədə, vəhdətdə götürüb tədqiq edirdilər.
Əbunəsr Farabi, Əbuəli İbn Sina kimi Bəhmənyar də Aristotel təliminə uyğun olaraq nəfsin bədəndə vücuda gəldiyini, onun sayəsində fəaliyyət göstərdiyini qəbul etmişdir. Azərbaycan filosofunun fikrincə, cisim olmadan nəfs vücuda gələ bilməz. O, ruh adlanan incə bir cisimdə təzahür edir. Peripatetik təsəvvürə görə, ünsürlərin qarışığından və onların buxar hallarının incəliyindən törəyən bu cisim ürəkdə meydana çıxır, hiss və hərəkət qüvvələrinin daşıyıcısı olan beyində kamilləşir. Nəfs mücərrəd substansiya sayıldığından bədəndə həkk olmur. Cisim öldükdən sonra nəfsin yaşamaqda davam etməsinə inanan şərq peripatetikləri eyni zamanda onun cəsəddən cəsədə keçməsini iddia edən tənasüx təliminə qarşı idilər. Bəhmənyar "Təhsil" kitabında bu təlimin təkzibi üzərində xüsusi dayanmışdır.


Aksidensiyalar


Aksidensiyalar barədə Aristotelin kateqoriyalar haqqındakı təliminə uyğun olaraq öz - özlüyündə müstəqil surətdə deyil, müəyyən bir substrata bağlı müvəqqəti, keçici və qeyri - mühüm xassələrdən söhbət gedir. Əbülhəsən Bəhmənyar "Təhsil" kitabında "aksidensiya bir şeydə onun bir hissəsi kimi olmadan mövcuddur və həmin şeydən ayrı mümkün deyildir" müddəasının geniş şərhini vermişdir.
Aksidensiyalar iki qismə bölünür: onlardan bəzisini təsəvvür etmək üçün öz substratı kifayətdir, məsələn, kəmiyyət və keyfiyyət. Bəzi aksidensiyaları təsəvvür etmək üçün isə kənar şeylərə ehtiyac duyulur, məsələn, digər kateqoriyalar.
Bu bəhs "İzahat" kitabında da həmin məzmunda nəzərdən keçirilir. Birinci cisim aksidensiya özü də iki növdür: birinin səbəbi substansiyada vaqedir, məsələn, miqdar, bölgü, bir şeyin ən azı və ən çoxu. Bu kəmiyyətdir. Həmin aksidensiyanın ikinci növü mahiyyətdən xaric təsəvvür edilməyən substansiyada bir haldır. Bu keyfiyyətdir. Kəmiyyətə misal say, uzunluq, en, dərinlik. Keyfiyyətə misal: sağlamlıq, xəstəlik, ismət, düşüncə, bilik, güclülük, zəiflik. "Təhsil" ktabında bu kateqoriyalardan hər birinin şərhi üzərində geniş dayanılır. Burada kəmiyyətin fasiləsiz və fasiləli növləri fərqləndirilir. Fasiləsiz kəmiyyət odur ki, onun üzərində biri digəri ilə təmasda olan müəyyən həddin mövcudluğunu fərz etmək mümkündür. Belə kəmiyyətin dörd növü vardır: xətt, səth, cisim və zaman.
Əbülhəsən Bəhmənyar İbn Sina və Aristotel mövqeyindən çıxış edib, bu kateqoriyalarla əlaqədar olaraq hərəkət barədə ətraflı söhbət açmış, hərəkəti potensiallıqdan aktuallığa tədrici keçmə kimi səciyyələndirmişdir. Filosof göstərir ki, hərəkəti zamana görə müəyyənləşdirmək mümkün deyildir, zira zaman özü hərəkətin sayəsində müəyyən edilir. Mövcud hərəkət hərəkətin çıxdığı başlanğıc ilə hərəkətin yönəldiyi son arasında baş verir. Belə ki, ortada hansı hədd fərz edilirsə, hərəkət edən cisim nə ondan qabaq, nə də ondan sonra həmin hədd daxilində mövcud olur.


Hərəkət


Birinci müəllim və onun Şərq davamçıları hərəkət növlərini kateqoriyalara nisbətdə müəyyən etmişlər. Stagiritə görə, "mahiyyət kateqoriyası üçün hərəkət yoxdur, belə ki, mövcud heç şey ona zidd deyildir..." Əbülhəsən Bəhmənyar da bu məsələni geniş işıqlandırmışdır:
"Bil ki, substansiya artman və azalmanı qəbul etmir. Hər bir hərəkət isə azalmanı və artmanı qəbul edən şeyə görədir. Deməli, heç bir hərəkət substansiyaya görə deyildir. Substansiyanın vücuda gəlməsi və yoxa çıxması hərəkət yox, əksinə bir dəfə olan şeydir. Bir dəfə olanın sırf potensiallığı ilə sırf aktuallığı arasında orta mövqe tutmuş tamamlanma yoxdur."
Aristotel keyfiyyət, kəmiyyət və məkana nisbətdə üç hərəkət tipinin mövcudluğunu müəyyənləşdirmişdir. Peripatetik filosoflar buna vəziyyətə görə hərəkəti də əlavə etmişlər. Şeyin artması və azalması kəmiyyətə aid hərəkət növünə, qaralıqdan ağlığa və əksinə çevrilməsi, soyuqluqdan istiliyə və əksinə çevrilməsi keyfiyyətə aid hərəkət növünə misal çəkilir. Keyfiyyətə görə hərəkətə insan nəfsində baş verən hadisələr də daxil edilir. Məkandak hərəkət cismin başqa cisimlərə nisbətən yerdəyişməsidir. Vəziyyətə aid hərəkət öz üzərində fırlanan cismin hərəkətidir.
Peripatetiklərin təlimində hərəkətin düzxətli və dairəvi növləri üzərində xüsusi dayanılır. Düzxətli hərəkət ünsürlərdən təşəkkül tapmış mürəkkəb cisimlərə nisbət verilir. "Təhsil" kitabında deyilir:
"Tərkibi qəbul edən cisimlər şübhəsiz, məcburi düzxətli hərəkəti qəbul edir, yoxsa tərkibi qəbul etməzdi. Bu cür hərəkətin olduğu yerdə hərəkətin baş verdiyi cəhətlərin mövcudluğu labüddür, zira hərəkətin gerçəkliyi bir şeydən ayrılmaq və bir şeyə doğru irəliləməkdir. Cəhət mövcud olmazsa. Ayrılma və irəliləmə də mövcud olmaz."
Əbülhəsən Bəhmənyarın fikrincə, ünsüri cisimlər təbii halda hərəkətsizdir. Başqa sözlə, cisim, öz təbii məkanında hərəkətə malik deyildir. Hərəkətə gəlmək üçün onun təbiətinə bir hal əlavə olunmalıdır. Bu, meyl adlanır. "Təhsil" kitabında göstərilir ki, hərəkət etmə haqqında meylin təbiətə nisbəti yandırma zamanı hərarətin odun təbiətinə nisbəti kimidir.
Bəhmənyara görə, göy cisimlərinə məxsus dairəvi hərəkət təbiətən hərəkətlərin ilkinidir, fasiləsizdir, əbədidir. Peripatetik filosoflar hərəkəti materiyadan ayrı təsəvvür etmir. Hər bir hərəkətin yalnız cisimlərdə mövcud olduğunu söyləyirlər. "Təhsl" kitabında deyilir: "Hərəkət potensial və aktual surətdə olandan təşəkkül tapmış bir şeydə mövcud olmalıdır ki, bu da cisimdir."
Filosof daha sonra yazır: "Hərəkət edən cisim hərəkətin mövcudluğu ilə birlikdə labüddür. Materiya ilə əlaqəsi olmayan mücərrəd substansiyanın hərəkət etməsini qeyri - mümkün saydıq. Hərəkət edən başqa cür yox, ya cisim, ya da cismani olmalıdır."
Şərq peripatetiklərinin varlıq təlimində hərəkət sükunət ilə qarşılıqlı surətdə nəzərdən keçirilir. "Təhsil" kitabında deyilir: "Hərəkət fasiləsizlik üzrə hədlərə gəlib çatmadır. Sükunət odur ki, gəlib çatma kəsilir. Həmin hədlər gəlib çatmaya görə fərz olunur. Bu üsulla "kəsilmə" ("fasilə") mənasında hərəkətin mövcudluğu izlənilir... "Kəsilmə" mənasında hərəkətin mövcudluğu yalnız nəfsdədir."
Əbülhəsən Bəhmənyar "Mövcudatın mərtəbələri" traktatında təbii hərəkətin öz təbii halına qayıtmasını sükunət adlandırmışdır. Sükunət hərəkətə nisbətdə mövcuddur: "Hərəkətdə olmayan şey, sükunət halında ola bilməz". Sükunət nisbidir: "Əgər cisim sükunətdədirsə, şübhəsiz, hərəkətə gəlməlidir, yoxsa onda sükunət olmazdı."
Sükunət anlayışı "Təhsil" kitabında daha geniş şərh olunur:
"Sükunət zamanla ölçülür, yəni onun qədərini aksidental surətdə zaman müəyyənləşdirir. Çünki, bir şey, başqa bir şeylə birlikdə hərəkət etdikdən sonra, o ikisindən biri bir müddət sükunət halında olub, bundan sonra öz hərəkətini dayandırmadan davam etdirən şeylə birlikdə yenidən hərəkətə başlayırsa, ona müvafiq hərəkət edən şeyin hərəkət müddətinə onun sükunət halının bir nisbəti olduğu fərz edilir. Həmin hərəkət zamanla müəyyənləşir, onun aksidental surətdə aradan qalxması da zamanla müəyyənləşir."
Bəhmənyarın fikrincə, materiyasız zaman yoxdur. Zamanın "mövcudluğu materiyadan asılıdır, o, materiyada mövcuddur. Onun materiyada mövcudluğu hərəkət vasitəsi ilədir."

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ