EURO 1,9267 NEFT 67,16
USD 1,7 RUB 0,0258

Cəlal Rüstəmov kimdir?

Cəlal Rüstəmov kimdir?

Həyatı


Rüstəmov Cəlal Əbdülhəkim oğlu 1965-ci ilin 9 aprel tarixində İsmayıllı rayonunun Mican kəndində anadan olmuşdur. Orta təhsilini İsmayıllı şəhərinin 3 saylı məktəbində tamamlamışdır. 1982-ci ildə Bakı Neft Kimya Texnikumuna qəbul olmuşdur. Təhsilini bitirdikdən sonra hərbi xidmətə yollanmışdır. Cəlal Rüstəmov 1983-1985-ci illərdə Moskva şəhərində hərbi xidmət keçmişdir. 1985-ci ildə hərbi xidmətini tamamlayaraq Azərbaycana qayıtmışdır. Təhsilini neft sahəsində aldığı üçün mütəxəssis kimi Tümen vilayətinə göndərilmişdir. Cəlal Rüstəmov Tümen vilayətinin Novıy-Urenqoy şəhərində neft mühəndisi sonralar isə baş mühəndis kimi çalışmışdır.

 

Döyüş yolu

 

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş Xocalı soyqırımı Qarabağ müharibəsinin əsas dönüş nöqtələrindən bir hesab olunur. Bu hadisədən sonra Azərbaycanda və ölkədən kənarda (xüsusi ilə Rusiya və Ukraynada) yaşayan onlarla azərbaycanlı könüllü döyüşmək üçün ordu sıralarına yazılmışdır. Xocalıda baş verən dəhşətlərdən təsirlənən Cəlal Rüstəmovda Novıy Urenqoy şəhərindəki əmək fəaliyyətinə son verərək Azərbaycana qayıtmışdır. Cəlal Rüstəmov artıq mart ayında könüllü batalyonların tərkibində döyüşürdü.

Cəlal Rüstəmov Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 1992-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı rəisinin birinci müavini olmuş Şikar Şikarovun rəhbərlik etdiyi batalyonda döyüşən Cəlal Rüstəmov Ağdərə döyüşünün fəal iştirakçılarından biri olmuşdur. Komandiri olmuş Şikar Şikarovun 1992-ci il 13 iyun tarixində Ağdərə uğrunda gedən ağır döyüşlərin birində qəhrəmancasına şəhid olması Cəlal Rüstəmovu bərk sarsıtmış, bu barədə verdiyi müsahibəsində də bildirmişdir.

Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 23 iyun tarixli, 6 saylı fərmanı ilə polkovnik Şikarov Şikar Şükür oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir. 1992-ci ilin 14 sentyabr tarixində kəşfiyyat əməliyyatında olan zaman Cəlal Rüstəmov Ağdərə rayonunun ərazisində itkin düşmüşdür. Həmin tarixdən etibarən taleyi naməlumdur.

Cəlal Rüstəmov Qarabağ müharibəsində Ağdərə istiqamətindəki Üçüncü briqadanın kəşfiyyatçı qrupunda döyüşmüşdür. Qrup Kərim Xanməmmədov, Hafiz Həsənov, Heydər Həsənov və Cəlal Rüstəmovdan təşkil olunmuşdu. Kərim Xanməmmədov hal-hazırda Bakı şəhərində, Heydər Həsənov isə Rusiya Federasiyasında yaşayır. Hafiz Həsənov isə müharibədə həlak olmuşdur. Cəlal Rüstəmov Hafizin həlak olması haqqında verdiyi müsahibəsində bildirir;


" Biz üçüncü briqadanın razved (kəşfiyyatçı) qrupuyuq. Mardakertin (Ağdərənin) girəcəyində biz ən gözəl “razvedçikimizi” (kəşfiyatçımızı) - Həsənov Hafizi itirdik. "


Xatirəsi


2013-cü ildə Cəlal Rüstəmovun xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə İsmayıllı rayonunda şəhidin adına bulaq-abidə kompleksi inşa olunmuşdur. Kompleks rayonun icra başçısı Mirdaməd Sadıqovun təşəbbüsü ilə tikilmişdir. Cəlal Rüstəmovun yaşadığı küçə 2012-ci ildən etibarən onun adını daşımaqdadır. Şəhidin xatirəsi rayonun 3 və 7 saylı orta məktəblərində keçirilən müxtəlif tədbirlərlə də münətəzəm şəkildə qeyd edilir.

2018-ci ildə İsmayıllı rayonunda ədəbiyyat müəllimi, rayon təhsil şöbəsində metodist kimi çalışan Rəna Mirzəliyeva tərəfindən yazılmış Atam mənə oğul dedi kitabının təqdimat mərasimi keçirilmişdir. 1989-cu ildə ailə həyatı qurmuş Cəlal Rüstəmovun bir qız və bir oğul övladı yadigar qalmışdır.

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ