EURO 1,9267 NEFT 67,16
USD 1,7 RUB 0,0258

Zamirə Hacıyeva kimdir?

Zamirə Hacıyeva kimdir?

Həyatı
Zamirə Hacıyeva 1963-cü il iyulun 18-də anadan olub. Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevlə ailə qurub və bu cütlüydən bir qızı və iki oğlu dünyaya gəlib. Qızı Leyla Azərbaycan Respublikasının Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu ilə ailə qurub.

Zamirə Hacıyevanın Həyat yoldaşı Cahangir Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli hökmü ilə 15 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunub. O, 42 mln. manatı mənimsəməkdə ittiham olunub.

 

Oğurlanması
Zamirə Hacıyeva 10 fevral 2005-ci ildə Hacı Məmmədovun başçılıq etdiyi cinayətkar dəstə tərəfindən qadın gözəllik salonundan çıxarkən oğurlanıb. Onu Keşlədə, Hacı Məmmədovun qeyri-rəsmi yaşadığı qadının evində, zirzəmidə saxlayıblar. Cahangir Hacıyevin bacısı Əminə Hacıyevanın BBC-yə verdiyi məlumata əsasən, o zaman Zamira Hacıyevaya görə on milyon dollar pul tələb olunub. Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi "Qara kəmər" əməliyyatından sonra Zamirə Hacıyeva azad olunub, Hacı Məmmədov və onunla bərabər 20-dən çox adam həbs edilib.

 

İngiltərədə həyatı
O, 15 noyabr 2014-cü ildə Cahangir Hacıyevlə Bakını tərk edib və İngiltərədə həyat qurmaq üçün Böyük Britaniyada investor vizası alıb. Britaniyanın daxili işlər nazirliyinin məlumatına görə, cütlüyün "ən azı 55 milyon funt sterlinq var-dövləti" olub. Məlumata görə, Cahangir Hacıyev ona "I kateqoriyalı viza" üçün 200 min funt sterlinqə yaxın pul və yaşayış üçün hər ay 20 min funt sterlinq ayırıb.

Bakı Ağır Cinayətlər Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib və barəsində axtarış elan olunub. Zamirə Hacıyeva mütəşəkkil cinayətkar dəstənin üzvü olmaqda, korrupsiyada — Azərbaycan Beynəlxalq Bankından sənəd təqdim etmədən kredit kartı götürməkdə və həmin kartdan müxtəlif post-terminallar və internet ödənişlər vasitəsilə, ümumilikdə 18 milyon manat pul çıxarmaqda ittiham olunub.

 

İzahedilməmiş Sərvət Sərəncamı
Zamirə Hacıyeva 2018-ci ilin oktyabr ayında Böyük Britaniyanın İzahedilməmiş Sərvət Sərəncamının şərtlərinin ilk hədəfi olan şəxs kimi tarixə düşüb. Londonda 22 milyon funt-sterlinqlik daşınmaz əmlakı olan Hacıyeva əmlakın qanuni gəlirlə əldə edilməsinin mənbəyini sübut edə bilməyib və mülkləri müsadirə edilib. Hacıyeva mediada çıxan xəbərlərdən sonra kimliyinin açıqlanmaması üçün başlatdığı məhkəmə mübarizəsini də uduzub. Məhkəmənin əldə etdiyi məlumata görə, Hacıyeva 2009-cu ildən əvvəl Britaniya Vircin adalarında əsaslanan şirkətin köməyi ilə Londonun Naytsbric rayonunda, Harrods alış-veriş mərkəzinin yaxınlığında bir evə 11.5 milyon funt ödəyib. 2018-ci ilin fevral ayında Britaniyanın Milli Cinayət Agentliyi Hacıyevadan Londonda aldığı villa üçün ödənilən 22 milyon funtun mənşəyi barədə məlumat təqdim etməsini istəmişdi. Bunun üçün Hacıyeva "İzahedilməmiş Sərvət Sərancamı" vasitəsilə gəlirinin şəffaf olduğunu izah etməli idi.

Məhkəmənin əldə etdiyi məlumata görə, 2013-cü ildə Zamirə Hacıyevanın nəzarət etdiyi başqa bir şirkət Berkşayr qraflığında, Askot kəndinin yaxınlığında qolf kursu və "Mill Ride Golf Club"-unu almaq üçün 10 milyon funt xərcləyib. Rəsmi məlumatlar cütlüyün Harrods-ın avtomobil parkında iki xüsusi yerə sahib olduqlarını və Zamirə Hacıyevanın 42 milyon funta Gulfstream G550 cet təyyarəsini aldığını da ortaya çıxarıb.

Hacıyeva on il ərzində Londonun məhşur dükanı Harrods-da 16 milyon və ya günə dörd min funt sterlinq xərcləyib. O, Cartier zinət əşyalarına 100 min funt sterlinq, lüks kişi geyimlərinə 20 min funt sterlinq, lüks zinət, ətir və saat markası olan Boucheron-da 150 min funt sterlinqdən çox pul xərcləyib. Növbəti gün o, şərab zirzəmisi üçün 1800 funtluq alış-veriş edib. Hacıyeva alış-verişləri üçün ərinin bankının 35 ədəd kredit kartı və Harrods-un üç ədəd mağaza kartı ilə ödəyib.

Zamirə Hacıyeva ilk dəfə "İzahedilməyən Sərvət Sərəncamı" tətbiq ediləndə buna qarşı çıxmağa cəhd etsə də, hakimlər ona 39 milyon funtu geri ödəməyi əmr edib. Bunların ardınca Zamira Hacıyeva məhkəmə qarşısında bildirib ki, böyük bir haqsızlıqla üz-üzə qalıblar: "Həyat yoldaşım qanunlara sadiq adamdır. Ortada böyük bir ədalətsizlik var və biz onun qurbanıyıq. Həyat yoldaşım Azərbaycan Beynəlxalq Bankında işləməmişdən əvvəl də bacarıqlı bir iş adamı olub və özü var-dövlət qazanıb".

Britaniya Milli Cinayətlər İdarəsi isə Cahangir Hacıyevin 1993-2015-ci illərdə bu qədər sərvətə malik ola biləcəyini mümkünsüz hesab edib. Məhkəmədə Hacıyevanı saatı 500 funt sterlinq olan barrister Ceyms Lyuis müdafiə edib.

 

Populyar mədəniyyətdə

Britaniya KİV-ləri Zamirə Hacıyevanı "Missis Makmafiya" (ing. Mrs McMafia) kimi işıqlandırıblar. Azərbaycan karikaturaçısı Gündüz Ağayev Cahangir və Zamirə Hacıyevanın məhkəmə işini "Hər uğurlu qadının arxasındakı dayaq" karikaturası ilə təsvir edib.

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ