Rusiyadan İsrailin PUA şirkətinə: Qanuni hədəfimizsiniz!
İslamazeri.com xəbər verir ki, İsrail mediasının məlumatına görə, Rusiya açıq şəkildə İsraildə yerləşən bir texnologiya şirkətini və Ukrayna ordusunu dronlar və texniki avadanlıqlarla təmin edən Avropa ölkələrini təhdid edib.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev sosial mediada Ukrayna ilə əməkdaşlıqda dron istehsalını artıran obyektlərin Rusiya ordusu üçün "qanuni hədəf" təşkil etdiyini bildirib.
Medvedev mart ayının sonunda qəbul edilən istehsalın genişləndirilməsi qərarlarının Avropanı Kiyev üçün "strateji logistika bazasına" çevirdiyini və münaqişəni təhlükəli bir nöqtəyə qaldırdığını iddia edib.
Rusiya Müdafiə Nazirliyi tərəfindən dərc edilən hərtərəfli siyahıda Ukraynaya hissə və avadanlıq tədarük etdiyi iddia edilən strateji yerlər ətraflı şəkildə göstərilib.
London, Münhen, Praqa və Riqa kimi metropollarda, eləcə də Madrid və Venesiya (İtaliya) şəhərlərindəki istehsal məntəqələri Rusiyanın radarındadır.
Moskvanın iddialarına görə, Ukrayna dron istehsalçıları səkkiz fərqli Avropa ölkəsində filialları vasitəsilə fəaliyyət göstərir və vacib hissələr Almaniya, Türkiyə, İspaniya, İtaliya, Çexiya və İsraildən tədarük olunur.
Dərc olunmuş siyahıda İsrailin Hayfa şəhərində fəaliyyət göstərən texnologiya şirkəti Elsight xüsusilə vurğulanıb.
Rusiya hakimiyyəti vurğulayır ki, bu şirkət tərəfindən təchiz edilən mobil bağlantı modulları Ukrayna pilotsuz uçuş aparatlarının məsafədən idarəetmə sistemləri və rabitə infrastrukturu üçün "çox vacibdir".