İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, 12 günlük müharibə zamanı ABŞ-ın zərbə endirdiyi nüvə obyektlərində partlamamış bombalar var.
İslamazeri.com xəbər verir ki, İran dövlət televiziyasına bağlı Gənc Jurnalistlər Xəbər Agentliyinin (YJC) məlumatına görə, Əraqçi bildirib ki, o, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Rafael Mariano Qrossidən ABŞ-ın hədəf aldığı nüvə obyektlərinə baş çəkmək üçün xüsusi qanun və ya protokol olub-olmadığını soruşub və Qrossi "Xeyr, belə bir şey yoxdur" cavabını verib.
Bu cavabdan sonra İran naziri bildirib: "Mən ona dedim ki, səfərlərdən əvvəl protokol olmalıdır. Çünki təhlükəsizlik məsələləri müzakirə olunur. Partlamamış bombalar var və razılaşmalı olduğumuz məsələlər var. Bu məsələlər üzrə razılıq əldə edildikdən sonra yoxlamalar aparılmalıdır. Bu məsələ ilə bağlı Agentliklə əlaqə saxlayırıq."
Digər tərəfdən, Tehranda "Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzi"ndə keçirilən "İran Xarici Siyasəti və Xarici Əlaqələr Tarixi üzrə Milli Konqres"də çıxış edən Əraqçi ABŞ-a etibar etmədiklərini və danışıqların nəticəsinin qeyri-müəyyən olduğunu bildirib.
Əraqçi deyib: "Onlar hər şeyi sınadılar və uğursuz oldular. İndi danışıqlar masasına qayıdıblar. Bu danışıqların hara aparacağı artıq bəlli deyil. Biz onlara (ABŞ-a) etibar etmirik. Onların fırıldaqçılıq etmə ehtimalı var. İrandakı bütün qurumlar bu inkişaflardan asılı olmayaraq öz vəzifələrini yerinə yetirməlidirlər".
Uranla sıfır zənginləşdirməni qəbul etməyəcəklərini bildirən Əraqçi deyib: "İranın nüvə proqramının məqsədləri ilə bağlı narahatlıq varsa, diplomatiya yolu ilə cavab verməyə, şəffaflığı təmin etməyə və etimad yaratmağa hazırıq. Lakin sıfır zənginləşdirməni yalnız başqalarının istəyi ilə tətbiq etmək qəbuledilməzdir".
İranlı nazir qeyd edib ki, İranın uran zənginləşdirməsi qanuni bir hüquqdur və onun bunda israr etməsi yalnız texniki və ya iqtisadi səbəblərə əsaslanmır.