İsrail hökuməti qondarma "erməni soyqırımı"nı rəsmən tanıyan qətnaməni yekdilliklə qəbul edib
İslamazeri.com xəbər verir ki, İsrail Xarici işlər naziri Gideon Saarın təqdim etdiyi bu sənəd yaxın günlərdə İsrail parlamenti (Knesset) tərəfindən səsverməyə çıxarılacaq.
İsrail onilliklər ərzində Türkiyə ilə strateji münasibətlərə görə bu addımdan çəkinsə də, hazırda rəsmi Tel-Əviv Ərdoğan hakimiyyətinin anti-İsrail siyasətinə qarşı bu addımı atdığını gizlətmir.
Əgər parlament də qəbul edərsə, İsrail bu iddiaları tanıyan 33-cü dövlət olacaq.
"JPost" qəzetinin qeyd etdiyinə görə, İsrail onilliklər ərzində, əsasən diplomatik mülahizələr və bu hadisələrin soyqırımı kimi xarakterizə olunmasını rədd edən Türkiyə ilə münasibətlər səbəbindən "erməni soyqırımı"nı rəsmən tanımaqdan çəkinib.
Saar öz çıxışında qeyd edib ki, "geniş və birmənalı tarixi sənədlərə" baxmayaraq, "erməni soyqırımı" hələ də ilk növbədə Türkiyə hökuməti tərəfindən "institusional inkar və miqyasın kiçildilməsi kampaniyası"nın hədəfi olaraq qalmaqdadır. Nazir həmçinin vurğulayıb ki, tədqiqatçılar arasında Osmanlı imperiyasının hərəkətlərinin erməni xalqını məhv etmək məqsədilə törədilmiş və soyqırımına bərabər olan cinayətlər təşkil etdiyi rəyi üstünlük təşkil edir. "Hazırda bunun indiyə qədər niyə baş vermədiyi sualı mənə daha az əhəmiyyətli görünür. Doğru addımı atmaq üçün heç vaxt gec deyil. Vacib olan odur ki, müxtəlif platformalarda bizə bu addımdan niyə çəkindiyimiz barədə sualların verilməməsi üçün bunu bu gün edək. Bu, mənəvi və tarixi borcdur. Və mənim fikrimcə, bundan yayınmaq üçün heç bir ciddi səbəb yoxdur", — deyə o bildirib.
Bununla bərabər, Saar bu qərarın Ankaranın hazırkı siyasətinə cavab olmadığını vurğulayıb. "Bu, Ərdoğanın rəhbərliyi altında Türkiyənin İsrailə qarşı açıq düşmənçiliyinə, qorxunc ritorikasına və düşmənçilik hərəkətlərinə görə bir 'qisas aktı' deyil. Lakin Türkiyənin İsrailə qarşı yalan narrativlər irəli sürməsi faktı ona tarixi həqiqətdən toxunulmazlıq (immunitet) vermir", — deyə nazir bəyan edib.