Tramp mübahisələrin həlli üçün zərurət yaranacağı təqdirdə İranın ali lideri ilə görüşməyə hazırdır -Rubio
İslamazeri.com-un xəbərinə görə, ABŞ Dövlət katibi Marko Rubio bildirib ki, Prezident Donald Tramp iki ölkə arasında mövcud mübahisələrin həlli məqsədilə İranın Ali lideri (Ayətullah Xamenei) ilə görüşə hazırdır. Rubio bu açıqlamanı Münhendə səfərdə olarkən Bloomberg-ə müsahibəsində verib.
Rubio deyib: “Əminliklə söyləyə bilərəm ki, əgər Ayətullah sabah Prezident Trampla görüşmək istədiyini bildirsə, Prezident onunla görüşər. Bu, Ayətullahla razılaşdığı üçün deyil, problemlərin dünyada məhz bu şəkildə həll olunduğuna inandığı üçündür. O, kiminləsə görüşməyi güzəşt kimi qiymətləndirmir.”
ABŞ-ın baş diplomatı daha əvvəl də qeyd edib ki, Tramp mübahisələrin həlli üçün istənilən dünya lideri ilə görüşməyə hazırdır. Müsahibə zamanı Rubiodan Vaşinqtonun İranın nüvə proqramı ilə bağlı danışıqlarda səbrinin tükənib-tükənmədiyi soruşulub. Bu sual ABŞ-ın Yaxın Şərqə ikinci aviadaşıyıcı göndərdiyini elan etməsindən sonra səsləndirilib.
Rubio cavabında bildirib: “Birincisi, çox aydındır ki, İrana heç vaxt nüvə silahı əldə etməyə icazə verilməyəcək. Bu, təkcə ABŞ üçün deyil, Avropa, qlobal təhlükəsizlik və region üçün də təhdid yaradır. Buna heç bir şübhə yoxdur. İkincisi, biz regionda qüvvələr saxlamaq istəyirik, çünki İran ABŞ-ın bölgədəki mövcudluğuna qarşı zərbə endirmək istəyi və imkanına malik olduğunu göstərib. Regiondakı müttəfiqliklərimizə görə orada bazalarımız var və İran keçmişdə onlara hücum etməyə və ya təhdid etməyə hazır olduğunu nümayiş etdirib. Buna görə də onların səhv addım ataraq bizə qarşı hərəkətə keçməsinin və daha genişmiqyaslı qarşıdurmaya səbəb olmasının qarşısını almaq üçün bölgədə kifayət qədər hərbi gücümüz olmalıdır.”
Bununla belə, Rubio vurğulayıb ki, Tramp mübahisənin hərbi yolla deyil, razılaşma vasitəsilə həllinə üstünlük verir.