İran Prezidenti Məsud Pezeşkian İslam İnqilabının 47-ci ildönümü münasibətilə keçirilən 22 Bəhmən yürüşündə çıxış edərək ölkənin daxili və xarici siyasət istiqamətlərinə toxunub.
İslamazeri.com xəbər verir ki, Pezeşkian xalqın geniş iştirakını inqilab ideallarına sədaqətin göstəricisi kimi qiymətləndirib, birlik və həmrəyliyin vacibliyini vurğulayıb.
İran Prezidenti bildirib ki, inqilabın əsas məqsədi ədalətin təmin olunması, müstəqilliyin qorunması və milli ləyaqətin möhkəmləndirilməsidir.
Xarici siyasətə dair çıxışında Pezeşkian qeyd edib ki, hökumətin əsas prioritetlərindən biri qonşu və İslam ölkələri ilə münasibətlərin daha da yaxşılaşdırılmasıdır. Onun sözlərinə görə, Ali rəhbərin tapşırıq və tövsiyələrinə uyğun olaraq, region və İslam dünyası ilə əməkdaşlığın genişləndirilməsi dövlətin strateji kursudur. Prezident vurğulayıb ki, İran ilk növbədə iqtisadi inkişaf üçün bazarlara ehtiyac duyur və bu bazarlar əsasən qonşu və müsəlman ölkələrində yerləşir. O əlavə edib ki, region məsələləri region dövlətləri tərəfindən həll edilməlidir və kənar güclərin müdaxiləsinə ehtiyac yoxdur.
Pezeşkian həmçinin Türkiyə, Azərbaycan Respublikası, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan, Səudiyyə Ərəbistanı və Misirə təşəkkür edərək bildirib ki, bu dövlətlər diplomatik səylərlə bölgədə gərginliyin artmasının qarşısını almağa çalışıblar.
Prezident çıxışında İranın nüvə silahı əldə etmək niyyətində olmadığını bir daha bəyan edib, ölkənin dialoqa açıq olduğunu, lakin ədalətsiz təzyiqlər qarşısında geri çəkilməyəcəyini vurğulayıb. Daxili siyasətə toxunaraq isə sosial rifahın yaxşılaşdırılması, korrupsiyaya qarşı mübarizə və bəzi səlahiyyətlərin əyalətlərə verilməsi istiqamətində addımların davam etdiriləcəyini bildirib. O, çıxışının sonunda xalqın birliyi və həmrəyliyi sayəsində ölkənin mövcud çətinliklərin öhdəsindən gələcəyinə əminliyini ifadə edib.